beynəlxalq qucaqlaşma günü

Beynəlxalq Qucaqlaşma Günü(1986)

Yanvarın 21-də bütün dünyada ən qeyri-adi bayramlardan biri – Beynəlxalq
Qucaqlaşma Günü qeyd olunur (İnternational Hug Day). Bu bayramın əsası 1986-cı
ildə ABŞ-da qoyulmuş, sonradan bütün dünyada yayılmışdır. Bayramın ənənəsinə
görə həmin gün hətta tanımadığın insanlarla belə dostcasına qucaqlaşa bilərsən.
Bu bayramın çox gənc olmasına baxmayaraq, onun müəllifinin kimliyi və nə
üçün məhz bu günü seçməsi müəyyənləşdirilməyib. Belə hesab olunur ki, bayramın
təşəbbüskarı tələbələr olmuşlar.

Son illərdə gənclər bu bayramı geniş qeyd edirlər. Bayramın tərəfdarları hesab
edirlər ki, insanlar qucaqlaşan zaman bir-birlərinə müsbət enerjilərini, qəlblərindən
gələn istiliyi ötürürlər.

Psixoloqlar belə hesab edirlər ki, sizi qucaqlamaq istəyən insanlar
təhlükəsizlik, komfort və sevgi hisslərini yaşamaq istəyirlər. Qucaqlaşma bizi bütün
ömrümüz boyu müşayiət edir. Biz görüşdüyümüz zaman və ya uzun ayrılıqdan sonra
doğmalarımızı və dostlarımızı qucaqlayırıq, öz sevincimizi və minnətdarlığımızı
bildirmək istəyərkən də qucaqlaşırıq. Bu bayram heç bir maddi xərcə səbəb olmur.
Siz sevdiklərinizi yalnız qəlbinizin hərarəti ilə, ürəkdən qucaqlaşaraq, sevginizi
ifadə edərək təbrik edirsiniz, mükafatlandırırsınız.