milli dirçeliş günü

Milli Dirçəliş Günü, (1988)

1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. SSRİnin o vaxtkı rəhbərliyinin buna biganə münasibətini görən ermənilər planlı şəkildə Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz atababa yurdlarından kütləvi surətdə qovdular. Elə həmin ilin fevral ayında Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırdılar. Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəhbərliyə bildirdi. İlk zamanlar Azərbaycan vətəndaşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüarları, gəzdirdikləri portret və bayraqlarda bunu sübut edirdi.

 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin uzunmüddətli mitinqi başlandı. O, vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. “Milli dirçəliş” deyəndə buna yalnız siyasi aspektdən yanaşmaq olmaz, çünki milli dirçəliş yalnız ictimai baxımdan yox, həm də mədəni-mənəvi əxlaqi dəyərlərin xalqın özünün təməl prinsipləri üzərində inkişaf edən ənənələrinin təcəssümüdür, onun yaşadılmasıdır və onun yaşaması məhz Milli dirçəlişin təməlidir.