ümumi dünya diabet günü

Ümumdünya Diabet Günü, (1991)

Bəşəriyyətin diqqətini şəkərli diabetlə bağlı problemlərə yönəltmək məqsədi ilə 1991-ci ildən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST-ın) və Beynəlxalq Diabet Federasiyasının (BDF-nın) tövsiyələrinə görə bu tarix Ümumdünya Diabet Günü kimi qeyd edilir. 2007-ci ildən isə 14 noyabr BMT günü elan edilərək bütün üzv dövlətlərdə xüsusi qeyd edilir. Dünya Diabet Gününün (DDG) emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir. Hər il müxtəlif şüar altında keçirilən ÜDG-nün dəyişilməz amalı belə səslənir: “Güc birlikdədir!”.Qeyd etmək lazımdır ki, şəkərli diabet xəstəliyini təhlükəli və problemli edən onun müxtəlif yaşhəddini əhatə etməsi, əhali arasında geniş yayılması, ağır fəsadların meydana gəlməsi, böyük maddi vəsait tələb etməsidir. Xəstəliyin xoş gedişatı üçün, yəni onun
həyat tərzinə çevrilməsi üçün düzgün tibbi xidmətə, sosial-iqtisadi qayğıya, normalpsixoloji duruma və bütün bunları tənzimləyə biləcək hüquqi bazaya ehtiyac var.Hazırda dünyada 371 milyon insanda şəkərli diabet diaqnozu qeyd olunur. Güman olunur ki, 50 %-i öz xəstəliyi haqqında məlumatsızdır. Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlərin sayı 182 min nəfərdən çoxdur.

Bu xəstəliyin yayılma tempinə görə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ŞD xəstəliyini qeyri-infeksion epidemiya kimi dəyərləndirir. Azərbaycan dövləti bu xəstəlikdən əziyyət çəkən insanlara xüsusi diqqət ayırır. Belə ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli Fərmanına uyğun olaraq, Nazirlər Kabinetinin 2005-ci il 7 iyun tarixli 101 nömrəli qərarı ilə “2005-2009-cu illər üzrə “Şəkərli diabet üzrə Dövlət proqramı” təsdiq edilmişdir. Növbəti illər üzrə Nazirlər Kabinetinin 2010-ci il 26 noyabr tarixli 222 nömrəli qərarı ilə “2011-2015-ci illər üçün Şəkərli Diabet üzrə Tədbirlər Proqramı” təsdiq edilmişdir. Bu proqram çərçivəsində respublikada ilk dəfə olaraq bütün xəstələrə özünənəzarət vasitələri – qlükometrlər və test sistemlər pulsuz olaraq paylanmış və onların dərman təchizatı ilə bağlı uzun illər davam edən problem aradan qaldırılmışdır. Həmçinin görülən işlərin nəticəsi kimi şəkərli diabetdən ölüm göstəricisi hər 100 min nəfərə 21,7-dən 7,5-ə enmişdir.